Tektonik silah yaratdığı deyilən azərbaycanlı alim indi haradadır? | MƏXFİ QOVLUQ

 Tektonik silah yaratdığı deyilən azərbaycanlı alim indi haradadır?  | MƏXFİ QOVLUQ
  11 Fevral 2023    Oxunub:17168
Türkiyədə baş verən dəhşətli zəlzələ onun guya süni yolla törədilməsi mövzusunda müxtəlif spekulyasiyalara da yol açdı. Tektonik silah haqqında deyilənlər ancaq fəziyyələrdir, onun həqiqətən yaradılması ilə bağlı heç bir elmi fakt və dəlil yoxdur. Amma bu istiqamətdə həqiqətən də uzun müddət araşdırmalar aparılıb. "Soyuq mühaibə" dövründə həm ABŞ, həm də SSRİ bu silaha sahiblənmək uğrunda ciddi çalışıblar. Sovet tektonik silahının yaradılması işinə azərbaycanlı alim - İkram Kərimov rəhbərlik edib.
İkram Kərimov Ağdam rayonunda dünyaya gəlib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Seysmologiya Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor olub. İkram Kərimovla bağlı əksər məlumatlar bugünə qədər gizli saxlanılır. Kiçik istisnalarla barəsində məlumat əldə etmək olduqca çətindir.

Bilinən budur ki, SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb edib. Kərimov 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) çərçivəsində Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda dünyanın ilk tektonik silahının yaradılması istiqamətində işə başlayıb.

“Soverşenno sekretno” qəzeti yazırdı: "1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər. Bu kəşfdən SSRİ Müdafiə Nazirliyi tərəfindən "Merkuri" kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başlanıldı”.

SSRİ dağılanda tektonik silahın yaradılması istiqamətində işlər də dayandırılıb. Bundan sonra İkram Kərimov Azərbaycana qayıdıb və 1995-ci ilə qədər burada qalıb. Bundan sonra onun haqqında heç bir informasiya yoxdur. Bəzi mənbələrdə bildirilir ki, ABŞ kəşfiyyatı onunla əlaqə yaradıb və alim özünə, eləcə də qrupunun üzvlərinə Cənubi Afrika Respublikasında təhlükəsiz yaşamaqla bağlı təminat alandan sonra əldə etdiyi nəticələri amerikalılarla bölüşüb. Bundan sonra həmin nəticələrdən məşhur HAARP stansiyasının qurulmasında istifadə olunub. Qeyd edək ki, HAARP-ın tikintisi 1993-də başlayıb, 2007-ci ildə qədər davam edib.

AzVision.az İkram Kərimovla bağlı araşdırma aparmağa çalışsa da, heç nə alınmadı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, artıq 20 ildən çoxdur İkram Kərimov haqqında məlumat almır və əlaqəsi yoxdur.

Akademik İbrahim Quliyev də eyni sözləri deyib. O bildirib ki, İkram Kərimov AMEA-dan incik şəkildə ayrılmışdı və sonradan ondan heç bir xəbər olmayıb.

AMEA-nin birinci vitse-prezidenti Arif Həşimov alim haqqında arxivlərdən müəyyən məlumat əladə etməyə çalışsa da, heç nə tapa bilməyib: “AMEA-da çoxdan işləyənlər bildirdilər ki, o, buradan köçüb gedib. Biri deyir İsrailə, biri deyir CAR-a gedib. Hətta bəziləri rəhmətə getdiyini də deyir. Bakıda olmadığını bildirirlər. Hərə bir söz deyir. Əlimizdə sənəd yoxdur ki, onun əsasında danışaq”.

Maraqlıdır ki, axırıncı dəfə alimin mediada 2011-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyinə açıq məktubu yayımlanıb.
Eyni zamanda 2008-ci ildə Rusiya mediasında “hündürmətəbəli binalarda yaşamaq insanların psixologiyasına ziddir” adlı yazısı nəşr edilib.

AzVision.az bu maraqlı insanın axtarışlarına davam edir. Əgər onun haqqında məlumatı olan varsa, lütfən, bizimlə əlaqə saxlasın.

Aytən Zəhra
AzVision.az

Mütləq oxuyun:
Sensasion müsahibə: “Azərbaycanda da süni zəlzələ törədilib” – SSRİ-nin məxfi layihəsinə başçılıq etmiş alim



Teqlər: Tektonik-silah  





Xəbər lenti